Bu qış Avropa qitəsində havaların soyuq keçməsi onsuzda qiyməti 570 dollara kimi yüksəltmişdi. Havanın mülayimləşməsi ilə əlaqədar Avropanın qaz bazarında qiymətlər təzəcə sabitləşməyə başlamışdı ki, İrana qarşı hərbi əməliyyatlar yenidən qiymət artımına səbəb oldu.
Yeni tarixdə Hörmüz boğazı heç vaxt bağlanmayıb və bu gün də tam bağlı deyil. Lakin gəmilər oradan uzaq durmağa çalışırlar. Avropa Yaxın Şərq ölkələrindən qaz idxalını boru vasitəsilə həyata keçirə bilmədiyi üçün məcbur olub LNG alır. O da yalnız xüsusi gəmilərlə daşınır. Dünya bazarına daxil olan karbohidrogen ehtiyatlarının 20 faizi məhz bu boğaz vasitəsilə nəql olunur. Hazırda şirkətlər gəmilərin müsadirə olunmasından qorxur və sığorta şirkətləri bu istiqamətdə irəliləyən gəmiləri sığorta etməkdən imtina edirlər. Bütün bunlar isə neftlə yanaşı dünya bazarında qazın da qiymətini yüksəldib.

Avropanın qaz tələbatının 14 faizi Qətərdən idxal edilən LNG hesabına ödənilirdi. İndi bu 14 faiz çatışmır və təbii ki, qiymət artımı qaçılmazdır.
İranın raketlərindən biri Qətərin “QatarEnergy” sıxılmış qaz istehsal edən şirkətinin Ras-Laffan şəhərindəki zavoduna düşüb. Qətər hökuməti dərhal zavodun fəaliyyətini dayandırıb və işçiləri təhlükəsiz yerə köçürüb. Bundan sonra Avropada qazın qiyməti birdən-birə 55 faiz bahalaşıb. Bu zavod istehsal etdiyi məhsulu əsasən Avropaya satırdı.
Qarşılıqlı raket zərbələri davam edir. Qətər ilə yanaşı Səudiyyə Ərəbistanı sutkada 550 min barel neft istehsal edən “Aramco” netfayırma zavodunun (NEZ) fəaliyyətini dayandırıb. İraqın Kürdüstan muxtar bölgəsində Türkiyənin Ceyhan limanına sutkada 200 min barel neft ixrac edən “Gulf Keystone Petroleum” şirkəti hasilatı dayandırıb. Burada işləyən “Dana Gas” şirkəti də qaz hasilatını müvəqqəti olaraq dayandırıb.
Analitiklər hesab edir ki, Körfəz ətrafındakı hərbi əməliyyatlar 1 həftə də davam etsə dünya bazarında neft və qazın qiyməti kəskin şəkildə artacaq.







Vaxtında, Aydın, Lazımlı!


